Şəki və Zaqatalada Fermerlərin Maliyyə Savadlılığının Artırılması Təlimi

31/08/2017

Şəki və Zaqatalada Fermerlərin Maliyyə Savadlılığının Artırılması Təlimi


Aİ və AYİB-in müştərək layihəsi olan AZAFF-ın nümayəndələri fermerlərin maliyyə savadlılığı mövzusunda regional tədbirlərini həyata keçirimək üçün Şəki-Zaqatala iqtisadi rayonuna səfər ediblər.


Artıq iki ilə yaxın müddət ərzində ölkəmizdə uğurla həyata keçirilən AZAFF layihəsi çərçivəsində fermerlərin maliyyə savadlılığına həsr olunmuş növbəti iki seminar Şəki-Zaqatala iqtisadi rayonunda təşkil olunmuşdur. Təlimlər 30 və 31 Avqust, 2017 tarixlərində Zaqatala və Şəki rayonlarında olmaqla Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin idarə edilməsi üzrə Dövlət Xidmətinin dəstəyi ilə həyata keçirilmişdir.

Planlaşdırmanın vacibliyi, təsərrüfat əməliyyatları üzrə qeydlərin aparılması, əmanət və kredit məhsullarının əsas göstəriciləri, maliyyə institutlarının rolu və funksiyaları, onlarla uzun müddətli və dayanıqlı əlaqələrin qurulması, fermerlər üçün alternativ maliyyələşmə imkanları, maliyyə planlaması, kənar maliyyələşməyə ehtiyacın və düzgün müddətin seçilməsi, gələcək nağd pul dövriyyəsinin və gəlirliliyin (ümumi və hər məhsul üzrə) təyin olunması təlimin əsas mövzuları idi. Hər iki təlim fermerlər tərəfindən böyük maraqla qarşılanmış və ümumilikdə 50-dan artıq yerli və ətraf rayonlardan cəlb olunan fermerlər iştirak etmişdir.

İlk tədbir 30 Avqust 2017-ci il tarixində Zaqatala şəhərində yerli icra nümayəndələrinin iştirakı ilə həyata keçirilmişdir. Tədbiri giriş sözü ilə açan layihənin aparıcı eksperti İlqar Tağıyev bildirdi ki, bu tip seminarlar fermerlərin maliyyə savadlılığını artıraraq istər ailə büdcəsi, istərsə də banklarla münasibətlərinin yaxşılaşdırlmasında mühüm rol oynayır. 

Növbəti təlim 31 Avqust 2017-ci il tarixində Şəkidə təşkil olundu. Təlimin əsas məqsədi fermerlərə büdcənin tutulmasının və maliyyə məsələləri üzrə düzgün qərarların verilməsinin əhəmiyyəyini vurğulamaq idi. Tədbir yerli fermerlər tərəfindən maraqla qarşılandı. Fermerlər bu və digər mövzular üzrə biliklərin artırılmasının və bu tip tədbirlərin silsilə hal kimi həyata keçirilməsinin önəmli olduğunu qeyd etdilər.

Təşkil olunmuş təlimlərdə fermerlərə maliyyə, ailə büdcəsi, əmanətlər və kreditlər üzrə vacib məlumatları əks etdirən xüsusi tədris vəsaiti də təqdim olundu.

Hər iki təlimin sonunda iştirakçılar sertifikatlarla təltif olundular. AZAFF layihəsi çərçivəsində maliyyə savadlılığının artırılmasına dair təlimlərin növbəti aylar ərzində həyata keçirilməsi nəzərdə tutulur.

 



Bütün Xəbərlər Bax

Tərəfdaşlarımız


Texniki Yardım Dəstəyi Avropa İttifaqı Qonşuluq və Tərəfdaşlıq Aləti tərəfindən maliyyələşdirilir.


Layihə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən maliyyələşdirilir.


Layihə daxilində göstərilən texniki yardım dəstəyi "Frankfurt School of Finance & Management" tərəfindən həyata keçirilir.