Tovuz və Şəmkirdə Fermerlərin Maliyyə Savadlılığının Artırılması Təlimi

26/09/2017

Tovuz və Şəmkirdə Fermerlərin Maliyyə Savadlılığının Artırılması Təlimi


Aİ və AYİB-in müştərək layihəsi olan AZAFF-ın nümayəndələri fermerlərin maliyyə savadlılığı mövzusunda regional tədbirlərini həyata keçirimək üçün Gəncə-Qazax iqtisadi rayonuna səfər ediblər.


Artıq iki ilə yaxın müddət ərzində ölkəmizdə uğurla həyata keçirilən AZAFF layihəsi çərçivəsində fermerlərin maliyyə savadlılığına həsr olunmuş növbəti iki seminar Gəncə-Qazax iqtisadi rayonunda təşkil olunmuşdur. Təlimlər 25 və 26 Sentyabr, 2017 tarixlərində Tovuz və Şəmkir rayonlarında olmaqla Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin idarə edilməsi üzrə Dövlət Xidmətinin dəstəyi ilə həyata keçirilmişdir.

Planlaşdırmanın vacibliyi, təsərrüfat əməliyyatları üzrə qeydlərin aparılması, əmanət və kredit məhsullarının əsas göstəriciləri, maliyyə institutlarının rolu və funksiyaları, onlarla uzun müddətli və dayanıqlı əlaqələrin qurulması, fermerlər üçün alternativ maliyyələşmə imkanları, maliyyə planlaması, kənar maliyyələşməyə ehtiyacın və düzgün müddətin seçilməsi, gələcək nağd pul dövriyyəsinin və gəlirliliyin (ümumi və hər məhsul üzrə) təyin olunması təlimin əsas mövzuları idi. Hər iki təlim fermerlər tərəfindən böyük maraqla qarşılanmış və ümumilikdə 30-a yaxın yerli və ətraf rayonlardan cəlb olunan fermerlər iştirak etmişdir.

İlk tədbir 25 Sentyabr 2017-ci il tarixində Tovuzda həyata keçirilmişdir. Tədbiri giriş sözü ilə açan layihənin aparıcı eksperti İlqar Tağıyev, AZAFF layihəsi və komanda üzvləri haqqında fermerlərə qısa məlumat verdi. Layihənin digər aparıcı eksperti Rauf Ağayev isə öz çıxışında bildirdi ki,  bu tip seminarlar fermerlərin maliyyə savadlılığını artıraraq istər ailə büdcəsi, istərsə də banklarla münasibətlərinin yaxşılaşdırlmasında mühüm rol oynayır. Tədbirdə fermerlərə maliyyə, ailə büdcəsi, əmanətlər və kreditlər üzrə vacib məlumatları əks etdirən xüsusi tədris vəsaiti də təqdim olundu.

Növbəti təlim 26 Sentyabr 2017-ci il tarixində Şəmkirdə təşkil olundu. Təlimin əsas məqsədi fermerlərə büdcənin tutulmasının və maliyyə məsələləri üzrə düzgün qərarların verilməsinin əhəmiyyəyini vurğulamaq idi. Fermerlər təlim müddətində öz mövcud problemlərini ekspertlərlə müzakirə etdilər. 

Hər iki təlimin sonunda iştirakçılar sertifikatlarla təltif olundular. AZAFF layihəsi çərçivəsində maliyyə savadlılığının artırılmasına dair təlimlərin növbəti aylar ərzində həyata keçirilməsi nəzərdə tutulur.

 



Bütün Xəbərlər Bax

Tərəfdaşlarımız


Texniki Yardım Dəstəyi Avropa İttifaqı Qonşuluq və Tərəfdaşlıq Aləti tərəfindən maliyyələşdirilir.


Layihə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən maliyyələşdirilir.


Layihə daxilində göstərilən texniki yardım dəstəyi "Frankfurt School of Finance & Management" tərəfindən həyata keçirilir.